Yaradılması və fəaliyyəti

Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Qəbul edilmişdir: 19 yanvar 2006-cı il, № 352

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ardıcıl surətdə aparılan məhkəmə islahatının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli olmuşdur.

Məhkəmə islahatının ilkin mərhələsində atılmış mühüm addımlar nəticəsində müvafiq qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmiş və ölkənin tarixində ilk dəfə olaraq test üsulu ilə yeni hakimlər təyin edilmişdir. Qanunvericilikdə məhkəmə hakimiyyəti müstəqilliyinin və hakimlərin statusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmış, hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Lakin cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bununla əlaqədar məhkəmə islahatı davam etdirilərək yeni mərhələyə keçmiş, son iki ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermişdir.

Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabr ayında «Məhkəmə-Hüquq Şurası haqqında» qanun qəbul olunmuş, «Məhkəmələr və hakimlər haqqında» qanuna hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyən edilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini nəzərdə tutan əsaslı dəyişikliklər edilmişdir. Bu normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - Məhkəmə-Hüquq Şurası təşkil edilmiş, ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanmışdır.