Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında Azərbaycan Respublikasının Qanunu
Qəbul edilmişdir: 28 dekabr 1999-cu il, № 782-IQ.
Əlavə və dəyişikliklər:
1. 12 oktyabr 2001-ci il, № 194-IIQD;
2. 15 noyabr 2001-ci il, № 214-IIQD;
3. 24 dekabr 2002-ci il, № 409-IIQD;
4. 30 dekabr 2003-cü il, № 568-IIQD;
5. 5 mart 2004-cü il, № 598-IIQD;
6. 10 oktyabr 2006-cı il, № 161-IIIQD;
7. 29 dekabr 2006-cı il, № 220-IIIQD;
8. 16 iyun 2007-ci il, № 385-IIIQD.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının vəzifələri
Məhkəmə nəzarətçiləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, hərbi məhkəmələrin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra - məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edirlər.
Məhkəmə icraçıları məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər orqanların qanunvericiliklə icrası məhkəmə icraçılarına həvalə edilmiş aktlarının icrasını həyata keçirirlər.
Maddə 2. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının qulluğa qəbulu və qulluq keçməsi
Ali hüquq təhsili olan Azərbaycan Respublikasının vətəndaşları məhkəmə nəzarətçisi və məhkəmə icraçısı ola bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə nəzarətçiləri istisna olmaqla, digər məhkəmə nəzarətçilərinin, habelə məhkəmə icraçılarının qulluğa qəbulu və qulluq keçməsi «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə nəzarətçilərinin qulluğa qəbulu və qulluq keçməsi dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.Maddə 4. Xidməti silah
Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi hazırlıq keçəndən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr gəzdirmək, saxlamaq və istifadə etmək hüquqları vardır.
Maddə 5. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin fəaliyyətinin təşkili
Məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinə Azərbaycan Respublikasının Baş məhkəmə məmuru rəhbərlik edir.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin fəaliyyətinin əsasları qanunla müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində məhkəmə nəzarətçiləri müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, digər məhkəmələrin məhkəmə nəzarətçiləri, habelə məhkəmə icraçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.
Maddə 6. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin fəaliyyətinin təşkilində müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə nəzarətçiləri istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Baş məhkəmə məmuru vasitəsi ilə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin fəaliyyətinə təşkilati və metodik rəhbərliyi həyata keçirir.
II Fəsil
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları
Maddə 7. Məhkəmə nəzarətçilərinin vəzifələri və hüquqları
Məhkəmə nəzarətçisi aşağıdakı vəzifələri yerinə yetirir:
məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;
məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;
məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və başqa vətəndaşlar barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;